Azərbaycanın Qarabağdakı Böyük Zəfəri dünyadakı və regiondakı bütün dövlətlərin heç də hamısı tərəfindən pozitiv qarşılanmır, əksinə açıq-aşkar hiss olunur ki, bu qələbədən ciddi məyus olanlar, hətta qıcıqlananlar da var.   

 

Fransa bilirik ki, sırada birinci yerdə gəlir və o, hər zaman ermənipərəst siyasət yürüdüb. Müharibənin gedişində və savaş sona çatandan sonra da Azərbaycana müxtəlif yollarla təzyiq etməyə çalışır, təzavüzkarın tərəfini saxlayırdı. Qələbənin bölgə üçün vəd etdiyi inkişafı Fransa dəyərləndirmək istəyindən təəssüf ki, hələ də uzaqdır...

 

Ermənistanın azalmayan məyusluğunu hardasa anlamaq olar, çünki məğlub olan tərəfdir. Baxmayaraq ki, kommunikasiyaların açılması onun gələcək iqtisadi  inkişafına zəmin hazırlayır, yenə də rüsvayçı məğlubiyyətinə görə Azərbaycana qarşı qəzəblidir, siyasilər səviyyəsində ara-sıra revanşist bəyanatlar da səsləndirir.

 

Bəs, son zamanlar özünü qəribə aparan İran? Onun davranışlarını necə anlamaq olar? Axı İran Azərbaycanın sərhəd qonşusu olmaqdan savayı, onunla eyni dini köklərə malikdir. İslam dini onları birləşdirən ümumi bir dəyərdir, məhz bu faktor tələb edir ki, İran Azərbaycanla münasibətlərini sağlam şəkildə qoruyub saxlasın.

 

Amma son günlər müşahidə etdiklərimiz təəssüf doğurandır. Müharibə zamanı və sonra İrandan Ermənistana gedən müəmmalı yük maşınları, ardınca əyalət mollalarının timsalında Azərbaycana yönəlik təxribat xarakterli ittihamlar, daha sonra rəsmi şəxslərin dilindən səslənən əsassız fikirlər heç də yaxşı hal deyil.

 

Sözdə Azərbaycanın torpaq bütövlüyünü tanımaq, sözdə bu haqq savaşında həmrəylik göstərmək, əməldə isə terrorçu dövlətə hər cür dəstək vermək, bölgədə yaranmış yeni reallığı qəbul etməmək ikiüzlü siyasətdir. Əgər İran Qarabağdakı məscidlərdə donuz saxlananda Ermənistana etirazını bildirməyibsə, onun Azərbaycana yönəlik islam qardaşlığı kəlmələrində heç bir səmimiyyət ola bilməz. Müharibədən sonrakı reallığa ləkə vurması, Azərbaycanı İsrailin təsiri altında olmaqda günahlandırması, Cənubi Qafqazda guya sərhədlər, xəritələr dəyişir kimi ittihamlar səsləndirməsi qəbuledilməzdir və cavabı mütləq veriməli olan davranışlardır.

 

Üstəlik, İranın bəyanatları təkcə Azərbaycan tərəfindən deyil, Rusiya tərəfindən də xoş qarşılanmır. İran Xarici işlər naziri ilə Rusiya Xarici işlər naziri Sergey Lavrovun birgə  mətbuat konfransında bunu aydın görmək mümkün idi. İran rəsmisi deyəndə ki, Cənubi Qafqazdakı geo-siyasi dəyişikliklərə İran tərəfi dözməyəcək, o zaman Rusiya XİN-nin rəhbəri Azərbaycanın da haqlı narazılığını səsləndirməyə gecikmədi. Azərbaycanın da İranın onun torpaqları ilə sərhəddində keçirdiyi hərbi təlimlərdən narahatlıq yaşadığını, Rusiyanın bölgədə hər hansı hərbi fəallığa qarşı çıxdığını, təlimlərin təxribat xarakteri almasına qarşı olduğunu bildirdi. Mətbuat konfransında iranlı jurnalistin Xəzər dənizində Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlər keçirməsi, Türkiyə-Pakistan-Azərbaycan təlimləri ilə bağlı təxribatçı sualına Lavrovun cavabı daha sərt sillə idi: “İran Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanı ratifikasiya etməyib. Konvensiya Xəzərdə xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu birbaşa qadağan edir. Bu sənəd o zaman qüvvəyə minəcək ki, İran onu ratifikasiya edəcək. Ümid edirəm ki, sənəd tezliklə qüvvəyə minəcək”.

 

Azərbaycan Xarici İşlər Nazirliyi də istər Ermənistana qanunsuz yükdaşımalar zamanı, istərsə də  İran tərəfindən nümayiş olunan qeyri-konstruktiv mövqeyə öz etirazını bildirib. Amma daha sərt mövqeyi Prezident İlham Əliyev özü nümayiş etdirdi - həm də Cəbrayılda olarkən birbaşa sərhəddən: “Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun…

 

... Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir…Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin…Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq”.

 

Bax belə! Azərbaycan bütün təzyiqlərə, iftiralara cavab verməkdə aciz deyil, əksinə özünü güclü və haqlı sayır. Mövqeyini açıq ifadə etməkdə  də qətiyyətlidir, çünki hər hansı təhlükənin, təxribatın qarşısını almaq onun legitim hüququdur! İranın hazırkı qeyri-konstruktiv mövqeyi isə birmənalı olaraq bütövlükdə bölgənin sabitliyinə uyğun deyil, o, 3+3 formatının reallaşdırılmasında öz üzərinə düşənləri yerinə yetirməlidir. Çünki Cənubi Qafqazda sülh və sabitlik indi hamı üçün vacibdir!

 

Vəfa ALLAHVERDİYEVA