Ötən ilin bu günlərində Azərbaycan xalqı Cəbrayıl rayonunun işğaldan azad olunmasını böyük coşqu ilə qarşılayırdı. Cəbrayıl müharibənin başlanğıcında bir neçə istiqamətdən geri alınan kənd və qəsəbələrin ardından erməni işğalçılarından azad olunan ilk rayon idi.

 

Prezident İlham Əliyev bu gözəl xəbəri öncə Tvitterdə müjdələdi, daha sonra televiziya ilə xalqa müraciətində qürurla elan etdi...

 

Cəbrayıl ilk alınmışdı, Müzəffər Ali Baş Komandanın 30 ilə yaxın işğalda qalmış torpaqlara ilk ziyarəti də elə Cəbrayılla başladı. 2020-ci il noyabrın 16-da  Cəbrayıl şəhərində və  bizim üçün milli qürur məsələsi olan Xudafərin körpüsündə Azərbaycan bayrağı qaldırıldı...

 

Müharibənin başlanmasından ötən bir ilin tamamında da Prezident Cəbrayıla getdi, oradan milli maraqlarımızı qoruyan mesajlar verdi, rayonun bərpası təməlini atdı. Beləliklə, Cəbrayılın azadlığı tarixinin qeyd olunması, bu münasibətlə müxtəlif tədbirlərin keçirilməsi rəsmi səviyyədə start götürdü. Rayonun dirçəldilməsi üçün atılan addımlar, həyata keçirilən irimiqyaslı layihələr... 

 

Biz bu günlərdən fərəhlə danışarkən, keçmişi də beynimizdən silmirik.

 

Odur ki, tarixə bir haşiyə çıxaq.

 

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.

 

İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. 52000 nəfər əhalisi olan, 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki  72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdıldı. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu.

 

Bu, işğalın fəsadlarının kədərli mənzərəsidir.

Bəs, Cəbrayıl necə bir rayondur-ona da baxaq.

 

Rayonun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olub. Burada elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.

 

Məlumdur ki, vəhşi düşmən bütün rayonlarımızda vandalizmin izlərini qoyub. Cəbrayılda da işğal zamanı maddi-mədəni abidələri yerlə yeksan edib. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb.

 

Azərbaycan dövləti öz hərbi gücü ilə rayonu düşmənin caynağından necə çəkib çıxardısa, iradəsi, iqtisadi imkanları ilə buradakı xaraba mənzərəni dəyişib, yerində necə bir cənnət yaratmağı da yaxşı bilir və bu istiqamətdə çevik addımlar atır.

 

Prezident İlham Əliyevin Cəbrayıla son səfərində çoxmənzilli yaşayış məhəlləsinin, Mərkəzi Xəstəxananın, akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyması, bundan başqa, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin, “Cəbrayıl” yarımstansiyasının açılışlarını etməsi dövlətin qısa müddətdə gördüyü işlərə sevinc və heyrət yaradır. Xüsusilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının qurulması 200 hektar ərazini əhatə edəcək ki, ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək, burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.

 

Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaq.

 

Bütün bu layihələrdə rayonda həyatın canlanmasına, soydaşlarımızın tezliklə öz yurdlarına qayıtmasına, burada yaşayacaq insanların iş yerləri ilə təminatına hesablanmış uğurlu, qətiyyətli siyasəti aydın görmək mümkündür və Cəbrayılın yeni siması ilə tanışlığa xoş bir həyacan yaradır.