Qars müqaviləsinin 100 illik yubileyi çərçivəsində Naxçıvan Dövlət Universitetinin (NDU) nümayəndə heyəti Qars müqaviləsi ilə əlaqəli tarixi məkanları ziyarət ediblər. 

 

Qars valisi Türker Öksüz ilə təşkil edilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev tədbirin yüksək səviyyədə təşkilatçılığına görə  öz minnətdarlığını ifadə edib.   O, Türker Öksüzə xatirə hədiyyələri olaraq Naxçıvan Muxtar Respublikasının  ərazisinin xəritəsini, ali təhsil ocağının Texnologiya Mərkəzində toxunan “Zəfər simvolu” xalçasını təqdim edib.

 

Qars Qafqaz Universitetinin rəhbərliyi ilə görüşdə hər iki ali təhsil ocağının qarşılıqlı əlaqələrindən danışılıb, birgə keçirilən konfransın əhəmiyyətindən söhbət açılıb. Hər iki universitetin müvafiq ixtisasları üzrə akademik və tələbə mobillik proqramları müzakirə edilib.

 

Sonra nümayəndə heyəti Türkiyədə Ulu Öndərin həyat və fəaliyyətinin əks olunduğu Heydər Əliyev Mərkəzini ziyarət edib. Qeyd edək ki, mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini özündə əks etdirən kitablar, video materiallar, fotolar yer alıb. Burada həmçinin, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini əks etdirən kitablar sərgilənib.  

 

Bildirilib ki, 2003-cü ildə Ümummilli Lider mərkəzdə olub, 2008-ci ildə isə Prezident İlham Əliyev mərkəzi ziyarət edərək xatirə dəftərinə ürək sözlərini yazıb. Qeyd edilib ki, Azərbaycanın tanınmış şəxsləri, elm adamları, millət vəkilləri, ziyalıları da mərkəzi ziyarət ediblər.

 

Vurğulanıb ki, NDU ilə daimi əlaqələr quran mərkəzin fəaliyyətində ali təhsil ocağının professor-müəllim heyəti fəal iştirak edir. Diqqətə çatdırılıb ki, hər il ixtisas üzrə yüksək nəticə göstərən tələbələrin Naxçıvana səfərləri təşkil edilir və onlar universitetdə keçirilən dil dərslərinə qatılaraq təcrübə qazanırlar. Həmçinin bildirilib ki, mərkəzdə tələbələrin əyani dil bacarıqlarının inkişafı üçün Azərbaycan filmləri də nümayiş olunur.

 

Sonda NDU adından mərkəzə kitablar hədiyyə edilib.