Salyan şəhər Yusif Qasımov adına 4 saylı tam orta məktəbin məzunu Əflan Bədəlov... Orta təhsilini Xüsusi Nümunəvi Attestatla başa vurub. 2019, 2020 və 2021-ci illərdə Fənn Olimpiadalarının Respublika turunda Coğrafiya fənni üzrə 1-ci yerə layiq görülüb və Qızıl medal qazanıb. Nəhayət,  Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 691,2 balla ən yüksək nəticəni göstərib. O, seçmək istədiyi ali məktəblə bağlı qərarını da verib-Bakı Ali Neft Məktəbi.

 

Bəs niyə bu ali məktəb?  Bu barədə özünün dediklərindən…

 

6 ay əvvəl öyrəndim ki, Bakı Ali Neft Məktəbində (BANM)  yeni Biznesin idarəedilməsi ixtisası açılacaq. Buna qədər də görürdüm ki, Bakıdan, Sumqayıtdan və s. rayonlardan ən yüksək bal toplayan abituriyentlər BANM-i seçirlər. Düşündüm ki, BANM-də bu ixtisas açılacaqsa, oranı seçmək daha düzgün olar. Buranı Azərbaycanın ən prestijli universiteti hesab edirəm. Gələcək təhsilim və karyeram, məqsədlərim, görəcəyim işlər, sosial həyatım üçün bu Ali Məktəbi seçmək ən doğru qərardır. Daha yüksək nailiyyətlər əldə etmək üçün BANM-in mənə çox böyük yardımı olacaq. Seçimdən öncə bu Ali Məktəbin məzunları və tələbələrindən də maraqlandım. Burada yüksək səviyyədə İELTS və İKT dərslərinin keçirildiyi, güclü müəllim və professor heyətinin olması barədə məlumat aldım. Azərbaycanda heç bir kursda  İELTS dərsləri buradakı qədər yüksək səviyyədə keçirilmir. Bunlar da gələcəkdə xaricdə təhsil almaq üçün önəmli faktorlardır.

 

 

Gələcək barədə planlarınız nədir, özünüzü harada görürsünüz?

 

Gələcəkdə özümü iqtisadiyyat sahəsində görürəm. BANM-i bitirdikdən sonra gələcək təhsilim və karyeram barədə konkret plan və məqsədlərim olacaq.

 

Yüksək bal toplayan abituriyentlərə məsləhətiniz nədir, düzgün ali məktəb və ixtisas seçimini necə etsinlər?

 

Abituriyentlər seçim edərkən yüksək səviyyəli xarici dil bilikləri verən, yaxşı işlə təmin olunmaq üçün şərait yaradan, zəngin sosial proqramlara malik, həmçinin xarici universitetlərlə geniş əlaqələri olan ali məktəblərə üstünlük verməlidirlər. Azərbaycanda isə bunlar hamısı BANM-də  yüksək səviyyədədir.

 

Abituriyentlərin çoxu qəbul imtahanları zamanı həyəcanlanır. Sizdə bu həyəcan necə keçdi?

 

Mən 1-ci sinifdən imtahanlarda çox iştirak etmişəm, çox sınaq imtahanları vermişəm. Ona görə də imtahanlara alışmışam. Düzdür, qəbul imtahanlarının stressi ayrı olur. Amma məndə stress sual kitabçasını açanadək olur. Sualları gördükdən sonra bilirəm ki, onlara düzgün cavab verəcəyəm. Sonra isə artıq həyəcan olmur və sualların üzərində işləməyə başlayıram.

 

Yüksək bal toplamaq istəyən abituriyentlərə, şagirdlərə nə məsləhət görürsünüz?

 

Əsas müəllimlərin verdiyi tapşırıqları yerinə yetirsinlər. Müəllimdən çox şey asılıdır. Şagirdin vəzifəsi müəllimlərin dediklərinə düzgün riayət etmək, tapşırıqları tam yerinə yetirməkdir. Artıq tapşırıq yerinə yetirmək lazım deyil, müəllimlər nəyi məsləhət görürlərsə, onları etmək kifayətdir. Önəmli məqamlardan biri də öyrəndiklərini vaxtaşırı təkrar etməkdir. Bu cür olarsa, yüksək bal toplamaq mümkündür. Mən gün ərzində məşğələ saatlarını çıxmaqla, yalnız 3-4 saat dərslərimlə məşğul olurdum. Sonrakı vaxtımı isə sosial həyatıma ayırırdım, ailəmlə vaxt keçirirdim, dostlarımla görüşürdük, gəzirdik, əylənirdik, futbol oynayırdıq, üzgüçülük və şahmatla məşğul olurdum. Həm də vaxtlı-vaxtında dərslərimi də oxuyurdum.

 

Qeyd: BANM-in rektoru Elmar Qasımov  691,2 balla ən yüksək nəticə göstərən və BANM-i seçən Əflan Bədəlovu və atası Aslan Bədəlovu qəbul edib. Rektor  II ixtisas qrupunun liderini  təbrik edib, ona ali təhsil həyatında uğurlar arzulayıb.