Qazi müəllim Araz Yarıyev “Füzulunun azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib


Araz Yarıyev Yardımlının Gügəvar  kəndində doğulub, orda böyüyüb. Sadə bir kənd müəllimidir, elə Gügəvarda.  Çingiz Cəfərov adına kənd ümumi orta məktəbində dərs deyir. Təsviri incəsənət müəllimidir. Şagirdlərinə rənglərin sehrini, düzgün istifadə edəcəkləri təqdirdə rənglərlə nə qədər çox söz deyə biləcəklərini anladır.

 

Araz Yarıyev həm də Vətən müharibəsi iştirakçısı, qazi müəllimdir. Həm evində, həm məktəbdə yetişdirdiyi uşaqların parlaq rənglərdən ibarət dünyasının solmaması üçün ötən il əlinə silah alıb. Şagirdlərinin gözündəki rəngarəng dünyanı solduracaq hər cür təhlükəni dəf etməyi özünün vacib vəzifələrindən biri hesab edib. Söhbət torpaq məsələsindən, sərhədlərin toxunulmazlığından, Vətənin təhlükəsizliyindən gedirsə, bir vətəndaşı, bir müəllimi heç nə saxlaya bilməz. Necə ki, Araz müəllimi saxlamaq mümkün olmayıb.

 

Təhlükənin nə qədər böyük olduğunu hərbi xidmətdə olarkən öz gözləri ilə görüb: “Bizim nəsil erməni problemi ilə böyüyüb. Təbii ki, onların böyük iddiaları, təcavüzkar təbiətləri ilə bağlı eşitmişik, oxumuşuq, görmüşük. Ancaq bu təcavüzü ilk dəfə hərbi xidmətdə olarkən bütün çılpaqlığı ilə görmək imkanım oldu. Tez-tez atəşkəsi pozurdular. Ermənilərin ölkəmizin sərhədləri üçün nə qədər təhlükəli olduqları aydın görünürdü. Həm düşmənin bu təcavüzkarlığı, həm də illərdir işğal altında qalan torpaqlarımızı gec-tez qaytarmalı olduğumuz gerçəkliyi bir gün əlimizə silah alacağımızı qaçılmaz edirdi”.

 

Nümunəvi əsgər

 

Araz Yarıyev 2014-cü ildə  Goranboyun Tapqaraqoyunlu kəndində əllərini gözünün üstünə qoyub ilk dəfə “Vətənə xidmət edirəm” deyib: “Hərbi xidmətdə ilk 6 ayda atıcı oldum. Sonra tank əleyhinə taqımda xidmətimi davam etdirdim. Əvvəlcə  doldurucu, sonra tuşlayıcı vəzifəsini yerinə yetirdim”.

 

A.Yarıyev hərbi xidmətini nümunəvi əsgər olaraq başa çatdırıb. Sonra müəllim olmaq üçün gün sayıb.

 

Müəllimliyə addım-addım

 

Hərbi xidmətdən qayıdan kimi müəllimliyə başlamaq istəsə də, müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazana bilməyib. Astara Pedaqoji Kollecinin məzunu Araz Yarıyev müəllim ola bilmək üçün  xeyli hazırlaşmalı olub. Başqa necə ola bilərdi ki? Müəllim olmaq, müəllim adına layiq olmaq bütün ömür boyu hazırlıq, öz üzərində çalışma tələb edir. O gündən Araz Yarıyev də belə edib. 2018-ci ildə etdiyi növbəti cəhd uğurlu olub. MİQ-də qazandığı nəticə ilə Gügəlab kənd məktəbində müvəqqəti müqavilə ilə işə başlayıb. Növbəti il Lerikdən çıxarılan vakansiyaya namizədliyini verib və Haftonu kəndində işə başlayıb. 2020-ci ildə yerdəyişmə edərək məktəbini öz doğma kəndinə dəyişib.

 

Vətən müharibəsi başlayanda

 

Vətən müharibəsi başlayanda  2020/2021-ci tədris ili yenicə başlamışdı. Pandemiya şəraitində dərs  keçməyin çətinliklərinin öhdəsindən necə gələcəklərini düşünmək məcburiyyətində olduğu bir vaxtda Araz müəllimə çağırış gəlib. Dediyinə görə, bu çağırışa çoxdan hazırlıqlıymış. 2016-cı ildən bir ayağı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olub: “2016-cı ildən könüllü müraciət edərək müharibə başlayarsa, orduda xidmət etməyə hazır olduğumu  bildirmişəm. Ondan sonra hər il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedərək müraciətimi yeniləmişəm. Hər dəfə bildirirdilər ki, hələlik mənə ehtiyac yoxdur”.

 

Nəhayət, ona gözlədiyi çağırış 2020-ci ilin sentyabrında gəlib. Vətəndən aldığı çağırışa Araz Yarıyev yenidən hərbi forma geyinərək cavab verib. Torpaqlarımızı geri almaq üçün ona verilən bu şansı dəyərləndirib və əsgər çantasını götürüb əmrə müntəzir dayanıb. 1 həftə təlim keçərək hərbi bacarıqlarını yeniləyəndən sonra döyüşçü yoldaşlarıyla birlikdə cəbhəyə yollanıb və ilk əmrlə döyüşlərə atılıb:  “Füzuli uğrunda döyüşlərə başladıq. Ən ağır döyüşlər də elə Füzulu uğrunda getdi. Piyada qoşunlarında atıcıydım”.

 

“Sürünməkdən qollarımdan qan axırdı”

 

Döyüşçü dostlarıyla addım-addım irəliləyiblər. Azərbaycanın qanuni sərhədlərinə doğru atdıqları hər addım, etdikləri hər həmlə özgüvənini artırıb, qələbəyə inamını möhkəmləndirib. Çünki hər döyüşdən qələbə ilə dönüb, qarşıya qoyulan tapşırığın öhdəsindən gəliblər. Vətəninə, şagirdlərinin işıqlı gələcəyinə təhlükə hiss edərsə, bir an belə olsun tərəddüd etmədən sinfini səngərə, qələmini silaha, müəllim pencəyini əsgər puşlatına dəyişməkdən çəkinməyəcəyini sübut edən müəllim ordusunun bir nümayəndəsi olan Araz Yarıyevin qürurdolu döyüş yolu oktyabrın 26-dək davam edib. Daim irəliləyən döyüşçü müəllim elə irəliləyərkən düşmən tələsinə tuş gəlib: “Oktyabrın 26-da səhər əmr gəldi. Hazırlaşıb hücuma keçdik. Xeyli irəliləmişdik. Artıq düşmən səngərinin yaxınlığındaydıq. Birdən partlayış oldu. Piyada əleyhinə minanın üstünə basmışdım. Partlayışın təsiri ilə dabanım sınmışdı, ayaqlarımda qəlpə yaraları vardı. Özümə gəlib düşməndən yenicə azad etdiyimiz mövqeyə sarı sürünüb səngərə girmək istədim. Ancaq komandirim geri qayıtmağımı əmr etdi. Hücum davam edirdi və ələ keçirdiyimiz yeni mövqedə köməksiz qala, qanaxmadan ölə bilərdim. Mən də əmri yerinə yetirdim. Bir əsgər yoldaşımın köməyi ilə sürünə-sürünə geri qayıtdım. 3 saat yol gəlmişdim. Sürünməkdən qollarımdan qan axırdı”.

 

“O xəbəri döyüşçü dostlarımla bir yerdə almağı çox istərdim”

 

Füzulidən başlayan yol Xocavənddə tamamlanıb: “Oktyabrın 31-də  Ağcabədidə əməliyyat olundum. Ayın 4-də məni evə buraxdılar. 2 aylıq məzuniyyət verildi. Qələbə xəbərini də evdə aldım. O gün o xəbəri döyüşçü dostlarımla bir yerdə almağı çox istərdim”.

 

Məzuniyyəti bu il yanvarın 13-də bitirən Araz Yarıyev həmin vaxt Xocavənddə yerləşən hərbi hissəsinə gedib və ordudan tərxis olunaraq birdəfəlik evə qayıdıb.

 

6 ay ayaqlarında “İlizarov” aparatı ilə gəzən gənc müəllim artıq dəmir aparatla vidalaşıb: “Aprel ayında aparatı çıxartdılar. Qoltuqaltı çəliklə gəzirdim. Hələ də yeriyə bilmirəm. Həkimlər deyir 1 il sonra normal yeriyə biləcəyəm”.

 

Araz Yarıyev ölkə başçısının müvafiq sərəncamları ilə “Füzulunun azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif edilib.

 

Ruhiyyə DAŞSALAHLI